COVİD 19 PEYVƏNDİ HAQQINDA NƏLƏRİ BİLMƏLİYİK? VAKSİNASİYA SONRASI İMMUNİTET. DR. RƏNA MUXTAROVA NEVROPATOLOQ

Covid-19 peyvəndi haqqında nələri bilməliyik?
Covid-19 peyvəndi haqqında nələri bilməliyik?
İlk olaraq peyvəndin nə olduğunu bilmək vacibdir. Peyvəndlər orqanizmin özünə məxsus qoruyucu mexanizm inkişaf etdirə bilməsi üçün istifadə edilən maddələrdir. Bunlar ölü və ya dəyişdirilmiş mikroblar, eyni zamanda onların hissəcikləri ola bilər. Peyvəndlər iynə, ağız və burun yolu ilə orqanizmə daxil edilir.

Peyvənd yoluxucu xəstəliklərdən tam qoruyur?
Peyvəndlər immun sistemimizin virus və bakteriyaları, həmçinin onların ifraz etdiyi zərərli maddələri tanımasını təmin edir. Beləliklə, peyvənddən sonra orqanizmə təhlükəli orqanizm daxil olduqda immun sistem ona qarşı hazırlıqlı olur və daha güclü mübarizə aparır. Peyvəndləmə nəticəsində yaranan müdafiə sistemi ilə xəstəliklər tamamilə dayandırıla və ya gedişi yüngüləşdirilə bilər. Keçmiş dövrlərdə də bir çox yoluxucu xəstəlik peyvəndləmə ilə nəzarət altına alınmışdır.

Peyvəndlər təhlükəlidir?
Ümumi olaraq, peyvəndlər son dərəcədə təhlükəsizdir. Nadir hallarda əks təsirləri müşahidə oluna bilər. Peyvəndlər sayəsində milyonlarla insanın ölümünün və əlilliyinin qarşısı alınır.
Peyvənd vurulan hissədə qızartı və temperaturun qalxması peyvəndin əks təsirləridir və bu təsirlərə 1-30% hallarda rast gəlinir. Peyvənd nəticəsində ölüm halları isə çox nadirdir və adətən allergiya ilə bağlı olur.
Peyvənd olmadan öncə hamiləlik, immuniteti zəiflədən İİV(HİV) kimi xəstəliklər, dərman istifadəsi, allergiya və allergik xəstəliklər haqqında mütləq məlumat verməlidir.

Covid-19 peyvəndi bizi Koronavirus xəstəliyindən qoruyur?
Covid-19 peyvəndi həm bizi, həm də başqalarını xəstəliklərdən qoruya və bir çox insanın həyatını xilas edə bilər. Peyvəndlər xəstəliklərin qarşısını almaq və ya daha yüngül gedişatına şərait yaradır. Peyvəndlərin verdiyi immunitetin faydaları və Covid-19 infeksiyasının ciddi riskləri qiymətləndirildikdə, qısa müddətdə peyvənd olunmaq ən düzgün qərardır. Maska, məsafə və gigiyenik təmizlik qaydalarına riayət etmək xəstəliyin yayılmasının qarşısını almaq üçün çox vacibdir, lakin xəstəliyin ağır gedişinin və ölüm hallarının cəmiyyətdə yayılmasının qarşısını almaq üçün kifayət deyil.
Gigiyenik təmizlik sağlamlığın qorunmasında ən vacib faktordur və hər zaman öz aktuallığını qoruyacaq. Bundan əlavə, peyvənd olunsaq da, bir müddət maska, məsafə və təmizlik tədbirlərinə riayət etməliyik.

Covid-19 peyvəndi immun sistemimizi virusla qarşılaşdıqda daha güclü mübarizə aparmağımızı təmin edəcək. Cəmiyyətin kifayət qədər böyük bir hissəsi peyvənd olunduqda, xəstəliyin başqalarına keçməsi azaldıla bilər. Bu şəkildə çox sayda həyat xilas ola bilər.
Viruslar çox fərqli coğrafiyalarda sürətlə yayıla, əvvəlki və Covid-19 pandemiyasında da göründüyü kimi bütün dünya üçün ciddi bir təhlükə yarada bilər. Bu səbəblə özünüzü, yaxınlarımızı və cəmiyyətimizi qorumaq üçün peyvənd olunmaq lazımdır.

İstifadə edəcəyimiz Covid-19 peyvəndi hansıdır?
Çində istehsal edilən Sinovac şirkətinin peyvəndi Coronavac ölü (inaktiv) peyvəndlərə aiddir , 28 gün ara ilə 2 dəfə vurulmalıdır. Ənənəvi, illərdir istifadə olunan bir yolla virusun əvvəlcə çoxaldılaraq, inaktiv vəziyyətə salınması üsulu ilə əldə edilmiş ölü, tam virusdur. Ölü virus ilə qarşılaşan orqanizm, onu həqiqi təhlükə olaraq qəbul edir və onu tanıyır. Əkscisimlər və digər qoruma mexanizmləri fəaliyyətə keçir.

Covid -19 virusunu keçirənlər də peyvənd olunmalıdır?
Covid-19 keçirənlərin bir hissəsinin yenidən xəstəliyi keçirdiyi məlumdur. Xəstəlik keçirmənin yaratdığı immunitetin nə qədər müddət qaldığı hələ ki tam məlum deyil. Covid-19 keçirən şəxslərdə ortalama 6 ay ərzində immunitetin qaldığını nəzərə alaraq ilkin olaraq onlara tövsiyyə olunmur. Lakin xəstəliyin aktiv fazasında olmadığı halda onlara da peyvənd vurula bilər.

Peyvəndin əks təsirləri var? Varsa normaldırmı?
Covid-19 peyvəndindən sonra peyvəndin vurulduğu hissədə ağrı, qızdırma və halsızlıq kimi simptomlar müşahidə oluna bilər. Bunlar bədənin peyvəndə qarşı verdiyi təbii reaksiyaların nəticəsidir və bir müddət sonra öz-özünə keçir. Yan təsirlərin qarşısını almaq üçün dərmanların əvvəlcədən istifadəsi tövsiyə edilmir. Yan təsirlər meydana gəlsə, bunun üçün dərmanlar istifadə edilə bilər. Peyvəndlərlə əlaqəli ciddi yan təsirlər adətən allergik reaksiyalardır və nadir hallarda rast gəlinir. Allergiyası olanlar peyvənddən öncə bunu mütləq bildirməlidirlər.
Hamilə qadınlara xüsusilə ilk trimestrdə vaksin vurdurmaq tövsiyə olunmur. Onlarda risk qiymətləndirilməsi aparılmalıdır. Əgər risk qrupundadırlarsa, yanaşı xəstəliyi, xəstəliyi ağır keçirmə ehtimalları varsa, işi ilə əlaqədar olaraq insanlarla çox sıx təmasdadırlarsa, bu halda növbəti trimestrlərdə hamilələrin həkimləri ilə məsləhətləşərək onlara vaksin vurula bilər. Ciddi immunsupressiv vəziyyətdə olanlara, məsələn, orqan transplantasiyası keçirən xəstəyə peyvənd vurulmasına dair qəti əks-göstəriş yoxdur. Həmin şəxslər risk qrupuna daxildirlərsə, onlar həkimləri ilə məsləhətləşmədən və immun statusları dəyərləndiriləndən sonra peyvənd oluna bilərlər.

Peyvənd olunduqdan sonra da qorunma tədbirlərinə davam etməliyik?
Bütün dünyada yayılan yoluxucu bir xəstəliklə qarşı-qarşıyayıq. Peyvəndin xəstəliyin qarşısını böyük nisbətdə aldığını bilirik, lakin yoluxduruculuğu hansı müddətdə və nə qədər azaldacağı haqqında hələ ki dəqiq məlumat yoxdur. Bu səbəbdən, peyvənd olunanlar və xəstəliyi keçirənlər də sosial məsafə, maska və gigiyena qaydalarına mütləq əməl etməlidir.

Covid 19 peyvəndi uşaqlara da vurulmalıdır?
Bütün dünyada olduğu kimi ölkəmizdə də Covid-19 peyvəndinin ilkin olaraq həkimlərə, risk qrupunda olan şəxslərə vurulması planlanıb. Uşaqlara peyvəndin vurulub-vurulmayacağı Dünya Səhiyyə Təşkilatı tərəfindən verilən qərarlara əsasən önümüzdəki günlərdə açıqlanacaq.

Peyvənd öncəsi hansı analizlər verilməlidir?
Aktiv Koronavirus xəstələrinin və yaxın zamanda bu xəstəliyi keçirmiş şəxslərin peyvənd vurdurması tövsiyə olunmur.
Bəzi hallarda xəstəlik simptomsuz və ya az simptomlu keçir. Bunun üçün peyvənddən öncə mütləq Covid-19 IgG və Covid-19 IgM analizlərinin verilməsi mütləqdir.

Vaksinasiya sonrası SARS-COV-2 immuniteti
Spayk (S) zülalına qarşı LgG əkscisimciklərinin qanda təyin olunması, Covid 19 virusuna yaranmış qoruyucu immunitetin varlığını müəyyən etmək üçün istifadə olunur. Bu əkscisimciklər keçirilmiş xəstəlikdən ( simptomsuz olsa belə)  və peyvəndləmədən sonra formalaşır.

Spayk(S) zülalı nədir?
Spayk zülalı SARS-COV-2 virusunun örtük qatını meydana gətirən 4 srtuktur zülaldan (S,E,M və N) biridir. SARS-COV-2 virusuna tacabənzər görünüşü verən də həmin S zülalıdır, hansı ki krioelektron mikroskopda görülə bilir. S zülalının xüsusiyətlərindən biri də virusun hüceyrəyə daxil olmasında rol oynamasıdır ki bu da onu yoluxucu edir.
İnfeksiyanın orqanizmə daxil olması ilə immun sistemimiz spesifik əkscisimlər və ya immunoqlobulinlər istehsal etməyə başlayır. SARS-COV-2 virusunun ən immunogenik zülalları spayk (S) və nukleokapsid (N) zülallarıdır. Bəzi araşdırmalara görə nukleokapsid (N) əkscisimlərinin araşdırılması infeksiyanən erkən mərhələləri üçün daha həssasdır. S əkscisimlərinin təyini isə xəstəlikdən və peyvənddən sonra yaranmış immun cavabın varlığını müəyyənləşdirməyə imkan verir.

Vaksinasiya sonrası immun cavabın təyini
Vaksinasiya sonrası və əvvəlində immun cavabın yoxlanılması S antigeninə qarşı İgG əkscisminin yoxlanılmasına əsaslanır. İmmun cavabın təyini üçün spayk zülalına qarşı İgG əkscisim analizinin vaksinasiyanın 1-ci mərhələsindən 42 gün keçdikdən sonra verilməsi  məsləhət görülür

TƏQDİM ETDİ:
RƏNA MUXTAROVA
Nevropatoloq
Dünya Nevroloqlar Cəmiyyətinin üzvü
Dünya Epileptoloqlar Cəmiyyətinin üzvü
RƏNA MÜXTAROVA NEVROPATOLOQ

Facebook Comments