AGENTLİYİN ALDIĞI MÜASİR TİBBİ AVADANLIQLAR BÖYRƏK DAŞLARININ QEYRİ-CƏRRAHİ YOLLA PARÇALANMASI VƏ ÇIXARILMASINA İMKAN VERƏCƏK

Agentliyin aldığı müasir uroloji avadanlıqlar böyrək daşlarının kəsiksiz xaric edilməsinə imkan verəcək
Böyrək və sidik axarı daşlarının cərrahi müdaxiləsiz parçalanmasına imkan verən üsullardan biri də ekstrakorporal zərbə-dalğa litotripsiyası adlanır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən bu üsulla daşların müalicəsinə imkan verən litotripter avadanlığı alınıb. İsveçrənin Storz Medical şirkətinin istehsalı olan tibbi avadanlıq zərbə dalğasının köməyi ilə böyrəklər, sidik axarı və sidik kisəsindəki daşların parçalanmasını təmin edir. Cihazda rentgen və ultrasəs müayinə funksiyalarının mövcud olması daşın dəqiq yerini və zərbə dalğalarının istiqamətini nəzarətdə saxlamağa imkan verir. Dalğalar ətraf toxumaları zədələmədən yalnız daşlara təsir göstərir. Kiçik fraqmentlərə və quma çevrilən daşlar əksər hallarda sidik yolları ilə sərbəst xaric olur.
Ekstrakorporal zərbə-dalğa litotripsiyasının üstünlüklərindən biri də odur ki, prosedur ambulator şəraitdə kəsiksiz və ağrısız aparılır, xəstə həmin gün evə buraxılır. Cihazın çox funksional olması sidik-ifrazat sisteminə aid üzvlərin endoskopik müayinə və müalicəsinin həyata keçirilməsini də mümkün edir.
Ekstrakorporal litotripsiya ilə çıxarılması mümkün olmayan daşların xaric olunması üçün tətbiq edilən üsullardan biri də kontakt litotripsiya adlanır. Bu üsulla icra edilən əməliyyatdan sonra xəstə tez bir zamanda ayağa qalxıb öz gündəlik həyatına geri dönə bilir. Kontakt litotripsiya üsulu ilə uroloji əməliyyatların icrası üçün Agentlik tərəfindən alətlərlə bir yerdə pnevmatik və ultrasəs litotripsiya cihazları alınıb.
Ultrasəs litotripsiya böyrək, sidik axarı və sidik kisəsindəki daşların parçalanması üçün effektiv üsul hesab olunur. Yüksək tezlikli vibrasiya nəticəsində daşlar endoskop nəzarəti altında parçalanaraq kiçik hissəciklərə və ya qum halına gətirilir. Bundan sonra onlar əməliyyat sahəsindən aspiratorla kənarlaşdırılır. Çıxarılan fraqmentlərin laborator analiz üçün toplanması üçün cihaz xüsusi hazırlanmış steril konteynerlə təchiz olunub.
Sidik axarı daşlarının cərrahi müalicəsində tətbiq edilən effektiv minimal invaziv üsullardan biri pnevmatik litotripsiyadır. Bu növ əməliyyatlarda daşların parçalanması sıxılmış hava təsiri altında baş verir. Sidik kanalından və ya dəridən əməliyyat sahəsinə yeridilən titan zond döyəcləmə effekti ilə daşları parçalayır. Sadəliyi və mobilliyi ilə seçilən bu üsul sidik-ifrazat sisteminin bütün hissələrindəki daşların (böyrəklər, sidik axarları, sidik kisəsi) fraqmentasiyası üçün uyğun olub, istənilən sıxlıqlı daşların parçalanması üçün istifadə oluna bilər.
Yeni Klinikaya təhvil verilən tibbi avadanlıqlar artıq istifadəyə verilib.
Qeyd edək ki, icbari tibbi sığorta çərçivəsində sidik ifrazat sistemi daşlarının qeyd olunan müasir metodlarla müayinə və müalicəsi ödənişsizdir.

Facebook Comments