Piylənmə xəstəliyi-əsrin bəlası…Müəllif: Hidayət Məmmədzadə. Endokrinoloq

Piylənmə xəstəliyi müasir cəmiyyətin və bütün dünyanın epidemiyası halına gəlmiş böyük tibbi-sosial problemlərdən biridir.

Günümüzdə qarşısı alına bilən ölümlərin siqaretdən sonra gələn ikinci önəmli səbəbi piylənmədir.
Diqqətçəkən bir məqam da son illərdə piylənmə xəstəliyinin uşaq və yeniyetmələr arasında artmasıdır.
Bu problemin aktuallığını ortaya qoyaraq, vurğulamaq istədiyimiz məqam piylənmənin müalicəsindən daha çox profilaktikasının önəmini ortaya qoymaqdır.
Bu problem metabolik-endokrinoloji xəstəlik olsa da terapevt, kardioloq, nevroloq, psixiatr, qastroenteroloq, oftalmoloq, fizioterapevt və reabilitasya, ortoped və bir çox ixtisas həkimlərini maraqlandırmaqdadır.
Sadə dildə desək, piylənmə orqanizmdə artıq yağ toplanmasıdır. Orta bədən kütləsinə malik kişilərdə piy toxuması 15-20%, qadınlarda isə 25-30% arasındadır.
Bədən yağ kütləsini hesablamaq xüsusi alətlərlə olduğu üçün piylənmə, artıq yağdan daha çox artıq çəki olarak qəbul edilir.
Bu xəstəlik bir çox, xüsusən inkişaf etmiş ölkələrdə yayılıb və yaşlı əhalinin demək olar ki, böyük bir qismini əhatə edir.

Qeyri-düzgün qidalanma, normadan artıq yemək və azhərəkətli həyat tərzi piylənməni yaradan səbəblərdəndir.
Bəzən isə piylənmənin səbəbi kimi müxtəlif endokrin pozğunluqlar və dərman preparatlarının qəbulu qeyd olunur.
Piylənmənin səbəbləri əsasən aşağıdakılardır:

  • Normadan artıq yemək

    • Azhərəkətli həyat tərzi

  • Endokrin sistemin pozğunluqları

    • Genetik konstitusiya

Piylənmələrin diaqnostikası isə səbəbin aşkarlanması ilə bağlıdır. ÜST artıq çəki və piylənməni bədən kütlə indeksinə [BKİ = Çəki (kg)/Boy (m2)] əsaslanaraq diaqnoz qoymağı tövsiyə etmişdir.
Bədən kütlə indeksi xəstəliyin diaqnostikasında mühüm əhəmiyyət kəsb edir.
Bunu hər bir kəs özü də hesablayıb tapa bilər.
BKİ-  20,0-24,9 m2/ kq – Norma
25-29,9 m2/ kq  Artıq bədən çəkisi
30-34,9  m2/ kq  I dərəcəli piylənmə
35-39,9 m2/ kq II dərəcəli piylənmə
>40 m2/ kq III dərəcəli piylənmə  xəstəliyi olaraq qəbul edilir.
Endokrinoloqlar artıq çəkini , adətən, BKİ = 25.0-29.9 kg/m2 və
Piylənmə xəstəliyi( Obezite): BKİ≥30 kg/m2 olaraq qəbul edirlər.
Məsələn, Boyunuz: 162 sm
Çəkiniz: 60 kq olarsa,
Sizin bədən kütlə indeksiniz: 22.9 kq/m2, yəni normaldır. 
İnkişaf etmiş ölkələrdə hazırda 25% əhali piyləmə xəstəsi, 25%-I artıq çəkili, 25%-i isə normal kilolu ancaq genetik olaraq piyləməyə meyilli olaraq qəbul edilməkdədir.
Tibbi olaraq adətən ilkin (birincili, essensial) və ikincili (sekundar) piylənmə qeyd olunur.İlkin piylənmə qeyri-düzgün qidalanma və azhərəkətli həyat tərzi nəticəsində meydana çıxır.İkincili piylənmə isə sinir sisteminin və daxili sekresiya vəzilərinin müxtəlif pozğunluqları nəticəsində meydana çıxır.
İkincili piylənmələrdən isə ən çox rastlaşdığımız hipotalamik-hipofizar, bir sözlə endokrin növ piylənmələrdir.Birincili piylənmə demək olar ki, bütün piylənmələrin 75%-ni təşkil edir.
Bununla bərabər, birincili piylənmə də yerli və ümumi piylənməyə bölünür. Yerli piylənmə zamanı piy qatı lipoma şəklində müxtəlif yerlərdə dərialtında yerləşir.
Narahatlıq doğuran məqam piy toxumasının qarın,sarğı,bud nahiyələrində toplanması (abdominal-android, ginoid, qarışıq tiplərə bölürük) və daxili orqanların içdən, visseral yağlanması metabolik sindrom riskini artıraraq zamanla xəstəni digər problemlərə aparır.
Piylənmənin endokrin formalarına əsasən hipofizar və adipozogenital piylənmələr aiddir ki, bu za- manı piy toxması adətən, döş qəfəsi, bud, sağrı və qarnın aşağı hissəsində toplanmış olur.
Bu xəstələr fiziki inkişafdan geri qalır-infatilizim meydana çıxır, cinsi orqanların inkişafdan qalması və kişilərdə evnuxoidizm əlamətləri, yəni qasıq və qoltuqaltı nahiyələrdə tüklərin olmaması xarakterik əlamətlərdəndir.Hipofizar patologiya və sindromlar mütləq araşdırılmalıdır.Xüsusən hipofizin ön payının adenoması – Kuşing sindromu ağıla gəlməli, diqqətli araşdırılmalıdır.Kuşing sindromu zamanı piy üzdə (ayabənzər üz əmələ gəlir), boyunda, ənsə nahiyəsində, qarında, döş qəfəsi nahiyəsi və beldə toplanır, ətraflar isə arıqlayır.
Sağrı, boyun və süd vəziləri nahiyəsində bənövşəyi rəngdə striyalar (çatlaq və xətlər) görünür ki, bu da dəridə kollagen sintezinin azalması və s. proseslərlə əlaqədar meydana çıxır.


Əlavə olaraq, bu xəstələrdə hipertoniya müşahidə olunur, bəzən isə şəkərli diabet xəstəliyi də meydana çıxa bilər.
Piylənmənin nəticələri xoşagələn deyil, belə ki, aşağıdakı xəstəliklər meydana çixa bilər:

  • 2-ci tip şəkərli diabet

    • Ürək-damar sistemi xəstəlikləri, o cümlədən ateroskleroz, ürəyin işemik xəstəliyi, miokard infarktı, hipertoniya, hiperlipidemiya

  • Tənəffüs sisteminin xəstəlikləri

    • Oynaqların degenerativ xəstəlikləri

    • Öd daşı xəstəliyi

    • Damar xəstəlikləri (varikozlar)

    • Onkoloji xəstəliklər, düz bağırsaq və yoğun bağırsağın xərçəngi, qadınlarda uşaqlıq, süd vəzi, yumurtalıq xərçəngi, kişilərdə isə prostat vəzin xərçəngi

    • Endokrinopatiyalar

    • Qan xəstəlikləri

    • Dəri xəstəlikləri

    • Psixoemosional pozğunluqlar

    • Sonsuzluq və s.

Xətalı yemə davranışları piylənmə xəstəliyinin baş verməsində böyük rol oynayır.
Xətalı yemə davranışlarının ən vacibləri bunlardır:
Bunlara misal olaraq;
Uzun müddət süfrədə qalmaq,
Sıxıntılı, stressli zamanlarda davamlı yemək,
Ziyarət və dəvətlərə tez- tez getmək ,
Axşam yeməyindən sonra yatıncaya qədar davamlı yemək, yüksək kalorili çərəz, ləbləbi, şirin meyvə və şirələr, şirin sular və s. davamlı yemək-içmək,
Gecə yuxudan durub yemək yemək,
Su içməmək və ya az içmək, bunun yerinə yüksək enerjili içkilər istifadə etmək və s.
Normadan çox qida qəbulu,
Xüsusən işləyən pasientlərdə təbii qidalar yerinə hazır, şəkərli-fast food ismi verilən enerji dəyəri yüksək qidalara meyillik,
Aclıq hissi olmadan belə qida qəbulu,
Axşam evə gəldikdən sonra yemək zamanına qədər “atışdırmaq” və sonra təkrar yemək,
Sürətli yemək, böyük loxmalar almaq, az çeynəmək,
Öyün adlatmaq və ya öyün aralarında davamlı bir şeylər yemək,
Yemək yeyərkən başqa işlərlə məşğul olmaq (davamlı söhbət etmək, TV seyr etmək, oxumaq və s., hansı ki, bunlar yemə prosesini uzadacaq)
Xəstəmiz – ismi Rauf Əliyev pəhriz müalicəsi zamanı 32 kq arıqlamışdır.
Hər aya təxminən 5 kq, son altı ayda heç bir dərman qəbul etmədən pəhriz və idman sayəsində 32 kq arıqlayan, özünü daha gümrah, sağlam hiss edən Rauf bəyin öz istəyi ilə yazmış olduğu məktubunu və şəkillərini sizlərlə paylaşırıq:

“Hörmətli Hidayət həkim, sayənizdə sağlam həyat tərzi keçirmək barədə məsləhətlərinizə qulaq asaraq heç bir dərman qəbul etmədən 6 ay ərzində 94 kq-dan 62 kq-a düşərək indi özümü daha gümrah və daha sağlam hiss edirəm.

Nümunə üçün 6 ay əvvəlki və indiki şəklimi facebook səhifənizdə pasientlərinizə göstərmənizi istəyirəm.
Sizə çox təşəkkür edirəm”.
94 kq – Müalicədən əvvəl
və sonra – 62 kq
Hörmətlə: Rauf Əliyev
Piylənmənin estetik qüsur deyil, bir xəstəlik olmasını, müalicənin isə dərmanlardan daha çox pasientin özündən asılı olan pəhriz, idman və fikiziki fəallığa bağlı olmasını unutmamaq lazımdır.

Dr.Hidayət Məmmədzadə
Həkim-endokrinoloq.


DOKTOR HIDAYƏT MƏMMƏDZADƏ – WIKIMED.AZ
WIKIMED.AZ – MƏQALƏ: ZOB. MÜƏLLİF. Dr. Hidayət Məmmədzadə
WIKIMED.AZ – MƏQALƏ: Şəkərli diabet – Əsrimizin epidemiyasıdır. Dr.Hidayət Məmmədzadə.
Doktor Hidayət Məmmədzadənin şəxsi  WEB SƏHİFƏSİ
DOKTOR HİDAYƏT MƏMMƏDZADƏNİN ŞƏXSİ FACEBOOK SƏHİFƏSİ
Doktor Hidayət Məmmədzadənin FACEBOOK PROFİLİ
DR.H.MƏMMƏDZADƏNİN ŞƏXSİ İNSTAGRAM SƏHİFƏSİ
Doktor Hidayət Məmmədzadənin ŞƏXSİ YOUTUBE KANALI

Facebook Comments