“İnsan anatomiyası və tibbi terminologiya” kafedrası – 100. FOTOQALEREYA.

10 Dekabr 2019-cu ildə Azərbaycan Tibb Universitetində (ATU) “İnsan anatomiyası və tibbi terminologiya” kafedrasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 WIKIMED.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli kafedranın yaranma tarixindən söz açıb. O qeyd edib ki, sözügedən kafedra 1919-cu il sentyabrın 1-də Bakı Universiteti və onun Tibb fakültəsinin nəzdində “Normal anatomiya kafedrası” adı altında yaradılıb. Elə həmin il noyabrın 20-də Bakı Universitetinin ilk rektoru və anatomiya kafedrasının ilk müdiri Əməkdar elm xadimi, görkəmli cərrah-anatom, professor Vasili Razumovski tərəfindən kafedrada “Tibbə və anatomiyaya giriş” mövzusunda ilk mühazirə oxunub.
Rektor G. Gəraybəylinin sözlərinə görə, həmin mühazirənin mətninin çap variantı hazırda kafedranın muzeyində saxlanılır: “Kafedranın və Anatomiya muzeyinin inkişafında professorlar Balakişiyev, Hacıyev, Əsgərov, dosentlərdən Əlizadə, Həsənov və başqalarının böyük rolu olub. 1995-ci ildən etibarən professor Vaqif Şadlinskinin rəhbərliyi altında kafedra yeni inkişaf dövrünə qədəm qoyub. Yarandığı vaxtdan bu günədək kafedrada 85 mindən çox tibb və əczaçı kadrları, həmçinin 27 tibb elmləri doktoru, 58 tibb elmləri üzrə fəlsəfə doktoru yetişdirilib. Bu kafedranın əməkdaşları bütün dövrlərdə ATU-nun ictimai həyatında mühüm rol oynayıblar. 100 illik yubileyini qeyd etdiyimiz qocaman kafedranın əməkdaşları hazırda da universitetdə həyata keçirilən bütün innovativ layihələrdə fəal iştirak edirlər”.
Gəraybəyli kafedranın inkişafında əməyi olan insanları ürəkdən təbrik edib və fəaliyyətlərində uğurlar diləyib. Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov “İnsan anatomiyası və tibbi terminologiya” kafedrasının 100 ilik yubileyi münasibətilə hər kəsi təbrik edib. Nazir 100 il öncə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti, milli iftixarı adlandırdığı Bakı Dövlət Universitetinin təsis edildiyini xatırladıb: “Əlamətdar haldır ki, BDU-nun 100 illik yubiley tədbirləri ilə bugünki yubiley tədbiri təxminən eyni vaxta təsadüf edir. Azərbaycan Tibb Universiteti ölkəmiz üçün çox önəmli ali təhsil müəssisələrindəndir. Burada korifeylər yetişib. Onlardan biri də professor Balakişiyev olub. 1995-ci ildən kafedraya rəhbərlik edən professor Vaqif Şadlinskinin də xüsusi xidmətləri göz önündədir. Bu illər ərzində “İnsan anatomiyası və tibbi terminologiya” kafedrası tibb təhsilinin inkişafında, peşəkar kadrların hazırlanmasında böyük işlər görüb”.
Təhsil naziri Ceyhun Bayramov öz çıxışında qeyd edib ki, Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin ilk yeddi rektorundan altısı ixtisasca həkim olub. O, universitetin nəzdindəki tibb fakültəsinin insan anatomiyası və tibbi terminologiya kafedrasının tarixi, burada dərs deyən ziyalı və alimlər, onların ölkədə tibb təhsilinin inkişafı naminə gördüyü işləri diqqətə çatdırıb. Kafedranın inkişafında Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Məmmədəmin Əfəndiyev, İvan Şirokoqorov, Kamil Balakişiyev və digər məşhur Azərbaycan alimlərinin böyük xidmətləri xüsusi qeyd olunub.
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev də 100 illik yubiley münasibətilə əməyi olan hər kəsi təbrik edib: “Bu yubiley tədbirlərinin keçirilməsinin daha bir əhəmiyyəti odur ki, keçmişi yada salırıq, xidməti olan insanları anırıq. Bu 100 illik kafedranın tarixində də çoxsaylı ziyalı şəxslərin böyük əməyi, xidməti olub. Yarandığı gündən bu günə qədər kafedradaki dəyişikliklər, yeniliklər, inkişaf göz önündədir. Kafedranın bütün əməkdaşlarına uğurlar diləyirəm”. Konfrans öz işini plenar sessiyalarla davam etdirib, ayrı-ayrı mövzularda məruzələr dinlənilib. Tədbirin sonunda qonaqlar ATU-da Anatomiya Muzeyinə baxış keçiriblər, muzeydə saxlanılan unikal eksponatlarla tanış olublar.
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov hər bir kafedranın elm ocağının özəyi olduğunu, bir əsrlik yaşı olan insan anatomiyası və tibbi terminologiya kafedrasının isə Tibb Universiteti üçün məhz belə bir rola malik olduğunu diqqətə çatdırıb.
1990-1995-ci illərdə insan anatomiyası və tibbi terminologiya kafedrasına rəhbərlik etmiş Əməkdar elm xadimi, professor Rafiq Əsgərov 1937-1973-cü illərdə kafedraya görkəmli alim, professor Kamil Balakişiyevin rəhbərlik dövrünü xatırladıb. Onun dediyinə görə, həmin dövrdən etibarən kafedrada milli kadrların hazırlanmasına, onun nəzdində fəaliyyət göstərən tədris muzeyinin zənginləşdirilməsinə və inkişafına xüsusi diqqət yetirilib.
ATU-nun insan anatomiyası kafedrasının rəhbəri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski kafedranın əməkdaşlarının əməyinə verilən yüksək qiymətə görə kollektivin dərin minnətdarlığını çatdırıb. Bildirib ki, hər sahədə olduğu kimi tibb təhsili və tibb elmi sahələrinə də yaxından dövlət qayğısı göstərən Prezident İlham Əliyevin diqqəti sayəsində 2018/2019-cu tədris ilində kafedranın maddi-texniki bazası yenidən qurulub, ən müasir innovativ avadanlıqlarla təchiz edilib. Diqqətə çatdırılıb ki, 2004-2005-ci tədris ilindən başlayaraq insan anatomiyası fənni xarici tələbələr üçün ingilis dilində tədris olunmağa başlanıb.
Konfransda Türkiyə, Gürcüstan və Başqırdıstan tibb təhsili müəssisələrinin anatomiya kafedrasının rəhbərləri çıxış edərək ATU-nun insan anatomiyası və tibbi terminologiya kafedrası ilə bağlı xatirələrini bölüşüblər, kafedranın kollektivini yubiley münasibətilə təbrik ediblər. Eyni zamanda, ölkəmizdə tibb elminin və səhiyyənin inkişafı, əhalinin sağlamlığının mühafizəsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Konfrans öz işini plenar sessiyalarla davam etdirib, ayrı-ayrı mövzularda məruzələr dinlənilib.


Vaqif Şadlinski. Professor – ATU İnsan anatomiyası kafedrasının müdiri
Şadlinskilər. “Şadlinskilər” kitabı. Vaqif Şadlinski
Vaqif Şadlinski. İnsan Anatomiyası kafedrası. Kitabları – WIKIGALEREYA

Facebook Comments