wikipediada Şadlinskilər barədə məqalə
Azərbaycanın tarixində, ələlxüsus dövlətçilik tarixində dərin iz qoymuş elə nəsillər olmuşdur ki, onların keçdiyi yola aydınlıq gətirilməsi mühüm elmi əhəmiyyət kəsb edir. Bu mənada Rusiya TibbElmləri Akademiyasının həqiqi üzvü, Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, əməkdar elm xadimi, professor Vaqif Şadlinskinin yenicə işıq üzü görmüş “Şadlinskilər (Şəddadi, Şadı, Şadlılar)” kitabı olduqca dəyərlidir.
Qeyd edək ki, “Şadlinskilər” kitabı bir nəslin bioqrafiyası olmaqla yanaşı, həm də tarixi əsərdir. Çünki onun yazılmasında tarixi ədəbiyyatlardan əlavə, tarixşünaslığımız üçün son dərəcə dəyərli mənbələrdən, arxiv sənədlərindən də istifadə edilmişdir.
Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor Vaqif Şadlinski çoxsaylı mənbələrə istinadən qeyd edir ki, Şadlı soyunun adı Asur və Urartu mənbələrində çəkilir və onun qədim türk soylarından olduğu və Cənubu Azərbaycandakı Urmiya gölü hövzəsi ətrafında və İran bölgəsində məskunlaşdıqları göstərilir. Yeri gəlmişkən qeyd edək ki, bu tarixşünaslığımız
üçün əsl yenilikdir. Şad və Şadlı tayfalarının qədim türk soylarından olmasını müəllifin fikrincə, Faruk Şümer, Ayhan Yüksel, Cevdet Güvəndi kimi türk yazarları da öz
əsərlərində danılmaz faktlara söykənərək təsdiqləyirlər.
Bu baxımdan
professor Firudin Ağası oğlununfikirləri daha çox maraq doğurur: “Qədim türk soylarından olan Şadılı tayfalarından bəhs edən tarixi qaynaqlar həm məkan, həm də zaman baxımından olduqca genişdir. Belə ki, ilk dəfə Şumer mətnində “şad” sözü Assur və Urartu qaynaqlarında gördüyümüz şad, Şadılı sözləri məkan baxımından Urmiyyə gölü hövzəsi və İrəvan mahalına aiddirsə, sonrakı tarixi mənbələrdə “şad” sözünə Orxonabidələrində və Çin qaynaqlarında rast gəlmək olur.”
Mənbələr, toponomik qaynaqlar, mövcud ədəbiyyat professor V. Şadlinskinin
bu fikrini də təsdiqləyir ki, onlar Məhəmməd ibn Şəddad nəslinin nümayəndələridir. Bu gün Azərbaycanın bir çoxbölgələrində Şadlıların
adı ilə bağlı kənd-kəsək, el-oba var”.
Bərdədə Şatırlı kəndi, Goranboy rayonunda Şadlı, Ermənistanda Şidli. Bu toponimə qardaş Türkiyə ərazisində və müasir İranda da rast gəlinir.
Professor Vaqif Şadlinski qədim mənbələrə söykənərək yazır ki, “şadlı” qədim türk sözü olub, titul bildirən “şad” sözündən yaranmışdı.
Bu titulu qədim dövrlərdə türklərdə bölgə, qoşun başçısı və canişin olanhökmüdar oğlu daşıyırdı. Elə ki, şahzadə bölgə və qoşun başçısı təyin olundu, onun adına “şad” titulu əlavə olunurdu. Vaqif müəllim fikrini Orxon yazılarındakı
bu cümlələrlə əsaslandırır: “İki oğlumayabğu (və) şad adı verdim”. “700 kişini döyüşə aparanın böyüyü şad idi”. Professor əsərində qeyd edir ki, qədim türklərdə “şad”-ın titul mənasını verməsi Şumer mətnlərində də vardır.
Əsərlə tanış olduqca, sanki ən qədim tariximizi vərəqləyirsən. Onun doğma tayfası ilə bağlı mənbələrdən gətirdiyi qədim tariximizin bir sıra qaranlıq mətləblərinə işıq salır. Onu da qeyd edək ki, müəllif tayfa ilə bağlı fikir və mülahizələrini söyləyərkən professor Firudin Ağasıoğlunun əsərlərinə daha çox müraciət edir. Bu da səbəbsiz deyildir. Çünki Şadlı tayfasının tarixi ilə bağlı Firudinmüəllimin araşdırmaları tarixin daha dərin qatlarına gedir. O yazır ki, I minilliyə aid Asur-Urartu mətnləri şad titulu və şad, şadılı tayfalarından bəhs edir. Bu qaynaqlarda adı çəkilən Pirişati miladdanəvvəl 820-ci ildə Qızıl tayfalarının yaşadığı Qızılbund bölgəsinin bəyidir. Sözünə davam edən Firudin müəllim qeyd edir ki, “Mücmil ət-tavarix” əsərində onun adaşı Pirşad isə Firudunun vəziri olub. Saqa-qamər boylarının miladdan əvvəl VI-I əsrlərdə Azaq yaxasında qurduqları Saqat elində, xüsusilə Bosfor çarlığında çarlardan 5-i Pirşad adını daşımışdır.
Müəllif F. Ağasıoğluna istinadən yazır ki, tərkibində “şad” sözü olan şəxs adları orta əsr qaynaqlarında, o cümlədən Sasani dövrünə aid möhürdə Başqasat, həmin dövrdə farslar və iberlər arasında işlənən Şadman, sonrakı dövrlərdə özünü göstərən Bərgüşad, Elşad adları və 576-cı ildə Bizans elçisi Valentinosu qarşılayan Göy-Türk dövlətinin prinsi Türk-Şad, 704-cü ildə türkeşlərlə vuruşan Börü-Şad, Alp Arslanın yanında gənc elçi Şadi, Altun Orda hökmdarı Şadi-Beq, nəhayət, İrəvan mahalının qəhrəman oğulları Aslan, Sislian və Abbasqulu bəy Şadlinski kimi tarixi şəxsiyyətlər və şadlı, şatırlı, şato etnonimləri onu göstərir ki, türk onomastikasında “şad” sözü və “şad” sözünə söykənən etnonimlər geniş yayılmışdır.
Yeri gəlmişkən qeyd edək ki, qədim dövrlərdə və eyni zamanda, erkən feodalizm dövründə tayfaların miqrasiyası obyektiv və subyektiv səbəblərdən təbii hal idi. Azərbaycanın türk əsilli “şad” və ya”şadlı” tayfasının da Azərbaycan, müasir İran, Yaxın və Orta Şərq ölkələrinə səpələnməsinə məhz bu konteksdən yanaşmaq daha doğru olardı.
Şadlılar tayfası Yaxın və Orta Şərq tarixinə hələ orta əsrlər dövründə özünün görkəmli şəxsiyyətlərini bəxş etmişdir. Bu baxımdan sonralar bir qisminin İraqa köç etdiyi və orada məskunlaşdığı şadlıların yetişdirdiyi tarixi şəxsiyyətlərdən biri də Səlahəddin Əyyubi idi. O, İraq səlcuqlarının Atabəyi vəzifəsinə qədər yüksəlmişdir. Onun şadlı türk tayfasından olması və qardaşlarının adlarınınTuranşah, Tuğtəkin və Börü olması fikrimizcə, mübahisə doğurmamalıdır. Vaqif müəllim fikrini təsdiqləmək məqsədilə Səlahəddin Əyyubinin soykökü ilə bağlı mübahisələr haqda “Oğuz” müstəqil araşdırmalar qrupunun rəhbəri Dr. Vüqar oğlundan iqtibas gətirərək yazır: “Səlahəddin Əyyubi təkcə türk-İslam aləmi üçün deyil, bütünlüklə dünya tarixində özünə məxsus yeri olmuş nəhəng tarixişəxsiyyətdir. Səlahəddinə son dərəcə hörmət və pərəstiş duyan şir ürəkli Riçardın “İnsanlığı Səlahəddindən öyrəndim” məşhur kəlamı orta əsr Avropa tarixi mənbələrində dəfələrlə təkrarlanır. Səlahəddin Yaxın Şərqə min ildən bəri ehtiyac duyulduğu barışı və nizamı gətirdi. Ədalətli idarəçiliyin modelini ortaya qoydu”.
Əsərin qeyd olunan bölümündə Vaqif Şadlinski IX-XII əsr Azərbaycanın feodal dövlətlərindən biri olan Şəddadilər dövlətinin üzərində dayanır və qeyd edir ki, bu dövlətin əsasını qoyanŞəddadilərin kökü qədim türk tayfası olan şadlılara gedib çıxır. Kitabda mövcud ədəbiyyata söykənərək Vaqif müəllim dövlətin əsasını qoyan Məhəmməd ibn Şad (Şəddadi), onun varisləri, dövlətin daxilivə xarici siyasəti haqqında yığcam, lakin dəyərli bir məlumat verir. O, doğru olaraq qeyd edir ki, şəddadilər Xəzər xaqanlığına, Şirvanşahlara, gürcülərə, səlcuqlara qarşı müharibələr aparmışlar. Onunyazdıqlarına mən də bir tarixçi olaraq onu əlavə etmək istərdim ki, yüz ildən yuxarı Xəzər xaqanlığına qarşı Xilafət uğursuz müharibələr aparmışsa da, onları tarix səhnəsindən silən şadlıların yaratdığı dövlət olmuşdur.
Şadlıların Orta Asiya qolunun da maraqlı tarixi vardır. Müəllif tutarlı mənbələrə söykənərək bu qənaətə gəlmişdir ki, vaxtilə qədim Azərbaycan torpaqlarından Türküstana köç edən və oradan daÇinə qədər gedib çıxan şad (Şato) tayfaları bu yerlərin də siyasi həyatında önəmli yer tutmuşlar. Bununla bağlı maraqlı bir iqtibasa müraciət edir. O, monqol baş komandanının 1221-ci ildə Yantszu(indiki Pekin) qərargahına gələn Giao Xun adlı çin elçisinin “Monqol tatarların bütöv təsviri” (“Menda Beylu”) adlı əsərindən iqtibas gətirir: “Tatarlar ilk dəfə Kidan torpaqlarının quzeybatısındakı ərazilərdə yüksəldilər. Tatarlar Şato budur konfederasiyasından qopan ayrıca boylardır. Bu səbəbdən bir neçə əsr ərzində onlar barədə məlumat yox idi. Onlar üç qoldur: qara, ağ və qaba tatarlar”. Vaqifmüəllim bu fikirdədir ki, mənbədə adı keçən ağ tatarlar Qərbi Azərbaycanda da şad, ağ hun və başqa boylarla əlaqədar iz qoymuşlar.
Şadlıların Qərbi Azərbaycan qolundan bəhs edən Vaqif müəllim yazır ki, XVII əsrin axırı XIX əsrin sonları şadlılar tayfasının əsas bir qolu Gəncənin indiki Goranboy rayonunun Şadılı kəndindən Azərbaycanın Qərbinə – İrəvan xanlığına köçmüşlər və Vedi bölgəsində məskunlaşmışlar. Vedibasarda onlar kompakt yaşadıqlarından burada hətta bölgə də yaratmışlar. Sonralar Sovet hakimiyyəti qurulduqdan sonra Şadlı nəslinin qalan hissəsi ermənilərlə vuruşaraq bir il İranın Xoy və Mərənd şəhərinə köç etmiş və sonradan rus və erməni təsirləri nəticəsində Azərbaycanın bütün bölgələrinə səpələnmişlər. Hazırda bu nəslin nümayəndələri Türkiyə, Rusiya, Qazaxıstan, Almaniya, Azərbaycanın Bakı, Gəncə, Goranboy, Bərdə, Tərtər, İmişli, Beyləqan, Sabirabad, Göygöl, Şirvan, Şabran, Xaçmaz, Quba şəhərlərində yaşayırlar. Əsərin diqqəti çəkən məqamlarından biri də Şadlinski soy adının yaranma tarixidir. Vaqif Şadlinski bu tarixi 1808 və 1827-ci illərə aid edir. Qeyd edir ki, bizimnəslin bir qolu Binnətalı sultandan başlayır. Onun böyük oğlu Aslan sultan Şadlı mənim ulu babamdır. 1808-ci ildə Aslan sultan Vedi Çuxurunun rəisi olub. Vaqif müəllimin “Abbasqulu bəy Şadlinski” kitabından Aslan sultanla bağlı gətirdiyi məlumatlar daha maraqlıdır: “Rusiya imperiyasının Qafqazda, o cümlədən Cənubi Qafqazda canişini general-feldmarşal İ.V.Qudoviçin mühasirəyə aldığı İrəvan qalasının divarları yaxınlığındakı hərbi düşərgədən göndərdiyi 8 oktyabr 1808-ci il tarixli “Aslan sultana, Bababəyə, kəndxudalara və Vedi çuxurunun bütün Şadlı əhalisinə” ünvanlı məktubu bölgədə Şadlılar tayfasının və onun başçısı Aslan sultanla rus generalının hesablaşmaq məcburiyyətində qalması sultanın hansı gücə malik olmasından xəbər verir”. Rus generalının Aslan sultana ikinci məktubu daha maraqlıdır. Məktubun mahiyyətindən aydın olur ki, Qudoviç İrəvan qalasını almaq niyyətindədir, lakin Şadlılardan və bu tayfanın başçısı Aslan sultandan ehtiyatlanır. Onu özünə tərəf çəkməyə çalışır və görüşmək niyyətində olduğunu bildirir.
Müəllif İrəvan xanlığının Rusiya tərəfindən işğalı ilə bağlı məlum ədəbiyyatlardan ümumi məlumat verirsə də, “Qafqaz Arxeoqrafik Komissiyanın aktları”ndan general İ. F. Paskeviçlə Şadlı elininağsaqqalı Aslan sultanın görüşündən maraqlı faktlar iqtibas edir. O yazır ki, vəziyyətin çıxılmaz olduğunu görən Aslan sultan öz elini-obasını qırğına verməmək məqsədi ilə rus generalı ilə görüşmək qərarına gəlir və görüş olduqca səmimi ab-havada baş tutur. Vaqif müəllimin “aktlar”dan gətirdiyi iqtibas eyni zamanda tarixi düşmənlərimiz ermənilərin bu yerlərə gəlmə, bu yerlərin tarixi Azərbaycan torpaqları olmasından xəbər verir. Maraqlı burasıdır ki, bu fikirlər rus generalının dilindən səslənir: “… Bu torpaqlar sizin tarixi torpaqlarınızdır. Bəli, biz bura işğalçı kimi gəlmişik. Tamamilə həqiqətdir. Lakin o da həqiqətdir ki, biz rusların sizlərlə heç bir milli ədavətimiz yoxdur. Əgər böyük Rusiya imperiyasının dövlət maraqları onun Qafqazda, o cümlədən İrəvan və Naxçıvan xanlıqları ərazisində möhkəmlənməsini tələb edirsə, burada nə siz – Aslan sultan günahkarsız, nə də mən – Paskeviç. Siz öz xalqınızın övladısınız, mən də öz dövlətimin əsgəriyəm”. İ F. Paskeviç Aslan sultanla görüşdükdən sonra çara məktub göndərir və həmin məktubla Şadlı soyadını özünə məxsus tərzdə ” Şadlinskiy” formasında işlədir. 1827-1828-ci illərdən sonra Şadlı tayfası Şadlinski soyadı ilə tarixə düşür. AslanŞadlinskinin öz dövrünə və yaranmış hərbi vəziyyətə görə ağıllı, uzaqgörən siyasəti nəticəsində Vedibasar el-obası faciələrdən xilas olur. Türkmənçay sülh müqaviləsindən sonra Cənubi Qafqazda məlum proses-ermənilərin İrandan və Türkiyədən köçürülüb bu yerlərdə məskunlaşdırılması başlanır. Ermənilər çar Rusiyasının ikiüzlü siyasəti nəticəsində Vedibasarda, İrəvanda və digər bölgələrdə çoxalmağabaşlayır. Onlar çoxaldıqca Azərbaycan-erməni münasibətləri tədricən gərginləşir. Bu gərginlik XX əsrin əvvəllərində daha da dərinləşir.
V.Şadlinskinin əsərində Azərbaycan-erməni münasibətləri xüsusi yer alır. O qeyd edir ki, XX əsrin əvvəlləri üçün Vedibasarda silahlı toqquşmalar baş versə də əhali öz doğma torpaqlarını qorumağamüvəffəq olmuşdur. 1918-ci ildə quldur Andronikin silahlı dəstələrinə mərdliklə sinə gərmişlər. O vaxt Aslan sultan Şadlinski yox idi, amma onun övladları, nəvələri, nəticələri – Bəşir bəy, Hacı Təhmasib və başqaları vardı. Həmin tarixdən məşhur Abbasqulu bəy Şadlinskinin fəaliyyəti başlanır.
Kitabda müəllif Daşnaksütyun partiyasının yaranması, onun məqsəd və məramı, “dənizdən-dənizə Ermənistan” yaratmaq niyyəti, 1915-ci ildə ermənilərin Türkiyəyə qarşı xəyanəti, Andronikinerməni hərbi birləşmələrini öz ətrafında birləşdirməsi və onların türklərə, azəri türklərinə qarşı vəhşilikləri haqqında maraqlı məlumatlar verilir. Kitabda ermənilərə cavab tədbiri olaraq xalq qəhrəmanı, Vedi nahiyyəsinin rəisi Abbasqulu bəy Şadlinski də elin-obanın əli silah tutan igidlərini öz ətrafında toplayır. Müəllif tarixşünaslığımız üçün daha bir maraqlı məqama – Abbasqulu bəy Şadlinskininrəhbərliyi altında həmin günlərdə Vedibasar nahiyəsini idarə etmək üçün on bir nəfərdən ibarət Milli Komitə yaradılmasına toxunur. Müəllif qeyd edir ki, 1917-ci ilin dekabrında Böyük Vedi kəndində yaradılan bu komitə üç ilə yaxın bir müddətdə yaşamış, uğurlu fəaliyyət göstərmiş və 1917-1921-ci illərdə bütün Cənubi Qafqaza meydan oxuyan erməni daşnaklarına qarşı mübarizə aparmışdır. VaqifŞadlinski bu problemlə bağlı öz iradını da bildirərək qeyd edir ki, təəssüf ki, Abbasqulu bəyin Vedibasar mahalında yaratdığı bu struktur tarixçi alimlərin diqqətini lazımınca cəlb etməmiş, tədqiqatdan kənarda qalmışdır.
Kitabda 1917-1918-ci il Cənubi Qafqazda gedən proseslərə xüsusi yer ayrılmışdır. Beynəlxalq vəziyyətdəki durum, Fevral inqilabının və Oktyabr çevrilişinin nəticələri Cənubi Qafqazda erməniləri hərəkətə gətirmişdi. Qərbi Azərbaycanda-əsasən Zəngəzurda Azərbaycan türklərinə qarşı ermənilərin düşmənçiliyi getdikcə dərinləşirdi. Azərbaycan kəndləri tez-tez ermənilərin hücumlarına, dağıntılara məruz qalırdı. Müəllif tarixşünaslığımız üçün belə bir maraqlı fakt gətirir ki, təkcə 1917-ci ilin sonundan 1918-ci ilin mart ayına qədər İrəvan vilayətində 211 türk kəndi erməni təcavüzünə məruz qalmışdır. Həmin kəndlərin 100 mindən çox müsəlman əhalisi, demək olar ki, bütünlüklə məhv edilmişdir.
Kitabda belə faktlar kifayət qədərdir. Belə bir qarışıq zamanda Vedi camaatı Abbasqulu bəyin rəhbərliyi altında düşmənə mərdliklə sinə gərməkdə davam edirdi. Zaqafqaziya Seyminindağılmasından sonra Cənubi Qafqazda üç respublikanın yaranması tarix boyu əsasən Azərbaycan torpaqları hesabına ‘böyük Ermənistan” yaratmaq xülyasında olan erməniləri daha da fəallaşdırdı. Kitabda ADR hökumətinin buraxdığı tarixi səhv üzərində xüsusi dayanılır: “Seymin dağılmasından sonra “Ermənistan” respublikasının da yaradılması vəziyyəti bir qədər də gərginləşdirdi. Qafqaztarixində ilk dəfə olaraq rəsmi erməni dövlətinin yaradılması, həm də Azərbaycanın tarixi torpaqlarında yaradılması bütün Azərbaycan xalqına, ilk öncə İrəvan quberniyası ərazisində minillər boyuyaşayan azəri türklərinə qarşı tarixi cinayət aktı idi”. Daha bir maraqlı faktı müəllif belə şərh edir: “ADR-in o vaxtkı rəhbərlərinin bu faktı təbii qəbul etməsi, üstəlik, ADR-in yaradılmasının səhəri günüAzərbaycan Milli Şurasının iclasında İrəvan şəhərinin və İrəvan qəzasının ermənilərə güzəştə gedilməsi, İrəvan şəhərinin “Ermənistan Respublikasının” mərkəzi kimi tanınması xüsusi ilə düşünülməmiş addım, tarixi səhv idi. Hadisələrin sonrakı gedişi isə sübut etdi ki, bu “güzəşt” nəinki bütün mübahisələri həll etmədi, əksinə, ermənilərin əl-qolunu daha da açaraq Azərbaycanı yeni-yeni faciələrə doğrusürüklədi”.
Kitabda türk qoşunlarının Naxçıvanda və Vedidə olmaları haqqında məlumatlar da yer almışdır. Məlum olur ki, daşnaklar Vedi üzərinə beş dəfə hücum etsələr də Abbasqulu bəyi, onundöyüşçülərini, elin mərd oğullarını sındıra bilməmişdilər. . Xalq qəhrəmanı Abbasqulu bəyin vedililəri döyüşə-döyüşə necə mühasirədən çıxarması mövcud ədəbiyyatdan yaxşı bəllidir.
Kitabın sonrakı bölmələrində Vedinin daşnakların işğalı altına düşməsindən, Zəngəzur əhlinin böyük bir qisminin Arazın o tayına keçməsindən, Naxçıvanda bolşevik hakimiyyətinin qurulmasından, ‘Ermənistan’da daşnak hakimiyyətinin devrilməsindən, Dərələyəz və İrəvanda daşnak qiyamından, onlara qarşı çətin döyüşlərin aparılmasından, bu döyüşlərdə Abbasqulu bəyin şücaətlərindən, tarixiAzərbaycan torpaqları olan Vedibasarın “Ermənsitan SSR”-in tərkibinə qatılmasından bəhs edir. Bu bölmələrdə də Vaqif Şadlinski tarixşünaslığımıza bu vaxta qədər bəlli olmayan bir sıra məqamlar üzərində dayanır.
Dinc quruculuq illərində də, bu gün də şadlı nəslinin davamçılarının fəaliyyəti, onların bir çoxu haqqında bioqrafik məlumatlar əsərdə özünə geniş yer almışdır. Bu gün şadlı nəslinin şərəfli tarixinə nəzər yetirmək, onun tariximizdəki rolunu qələmə almaq həm tariximizin qaranlıq səhifələrinə işıq salmaq, həm də bu nəslin nümayəndələrinin məmləkətimizin ictimai-siyasi həyatındakı rolunuöyrənmək baxımından olduqca əhəmiyyətlidir. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfdən işğal olunduğu, Qərbi Azərbaycan da daxil olmaqla, Dağlıq Qarabağ və ətraf rayonlardan birlikdə 1,3 milyona qədər soydaşımızın didərgin düşdüyü bir dövrdə müəllifin belə bir mövzuya müraciət etməsi yalnız təqdir olunmalıdır.
Mənbə:
Xalq qəzeti.- 2012.- 5 fevral.- S. 6.
Fəxrəddin MƏMMƏDOV,
Azərbaycan Tibb Universiteti
Azərbaycan tarixi kafedrasının
müdiri, professor
Vaqif Şadlinski. ATU İnsan Anatomiyası kafedrasının müdiri
Professor Vaqif Şadlinskinin kitabları – WIKI GALEREYA
Facebook Comments