MƏQALƏ: Şəkərli diabet – Əsrimizin epidemiyasıdır. Dr.Hidayət Məmmədzadə.

Şəkərli diabet xəstəliyi (Diabetes Mellitus)-
Əsrimizin epidemiyasıdır!

Şəkərli diabet hər yaşda rast gəlinən, ciddi ağırlaşmalarlaerkən ölümlərin, əlilliyin başlıca səbəbi kimi aktual,tibbi-sosial əhəmiyyətli geniş yayılmış qeyri-infeksion xəstəlikdir.
Şəkərli diabet və ya şəkər xəstəliyi, mədəaltı vəzin ifraz etdiyi insulin hormonunun çatışmamazlığı, yaxud təsirinin qeyri-kafi olması nəticəsində yaranan xroniki hiperqlikemiya (qanda qlükozanın yüksək səviyyəsi)
vəziyyəti ilə əlaqədar zülal, yağ və karbohidrat mübadiləsinin
pozulması ilə müşayiət olunan polietioloji (çoxsəbəbli)
xəstəliklər qrupudur.

Şəkərli diabet diaqnozdan sonra həyat boyu davam
edən xroniki bir xəstəlikdir.
Statistik məlumatlara görə dünyada 425 milyondan çox insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Bizim ölkəmizdə 264 mindən çox diabet xəstəsi rəsmi qeydiyyatdadır, amma dünyada şəkərli diabet xəstəsi qədər diabet riski daşıyan insan olması da unudulmamalıdır.
Rəsmi statistika bu xəstəliyin gələcəkdə daha da sayının
artacağını proqnozlaşdırmaqdadır.
Hazırda beynəlxalq diabet federasiyasının verdiyi açıqlamaya görə bu gün
dünya əhalisinin hər 11 nəfərindən biri şəkərli diabet xəstəsidir.

Şəkərli diabetin tipləri:
Qəbul olunmuş beynəlxalq protokollara görə hazırda günümüzdə şəkərli diabet dörd ana başlıq altında təsnif
olunur.
1-ci qrup “tip 1” diabetdir.
Bu mütləq insulin çatışmazlığı ilə gedən və həyat boyu insulin qəbulunu gərkdirən bir diabet tipidir. Daha çox uşaqlar və gənclər arasında yayılmışdır.
Ən çox yayılan qrup isə “tip 2” diabetdir.
Bu insulin müqavimətinə bağlı daha çox artmış piylənmə ilə əlaqədar qan şəkərinin yüksəlməsi ilə gedən, ən çox 40 yaşdan yuxarı insanlarda meydana çıxan bir diabet tipidir.
3-cü kateqoriya “hamiləlik diabeti”dir.
Bu hamiləlik əsnasında meydana çıxan və daha sonra adətən, ötüb gedə bilən bir diabet tipidir.
Bəzi hallarda hestasional diabet adlandırdığımız bu qrup xəstələr sonralar insulin  müqavimətinə bağlı olaraq həyat boyu tip 2 diabet olaraq da davam edə bilərlər.

4-cü qrup isə “spesifik diabet” tipləridir.
Spesifik diabet tiplərinin içərisində 10-a yaxın çeşidli alt tiplər vardır. Bunlardan müxtəlif genetik xəstəliklərə və sindromlara bağlı insulin hormonunun hazırlanmasında genetik defektlərlə əlaqəli diabet tiplərini göstərmək
olar. Şəkərli diabetin səbəbləri çox müxtəlifdir. İlk növbədə şəkərli diabet olmaq üçün genetik yaxınlıq ön plandadır.
Yaxın əqrabalarında şəkərli diabeti olan insanlar bu xəstəlik üçün ciddi risk daşıyırlar.
Günümüzdə şəkərli diabetin artmağının səbəbi artmış piylənmə, oturaq həyat tərzi, bol karbohidratlarla qidalanma, hipodinamiya, yəni fiziki aktivliyin aşağı düşməsinin böyük rolu vardır.
Artmış piylənmə insulin rezistentliyini artırdığı üçün qlükoza mübadiləsində bir problem və zamanla şəkərli diabetin ortaya çıxmasına səbəb olur.
Virus xəstəlikləri uşaq yaşlarında tip 1 diabetin başqa səbəblərinə aiddir. Ümumiyyətlə, diabetin yaranmasında stimuləedici stress faktorunun rolunu da unutmaq olmaz.Müxtəlif diabet tiplərində çeşidli dərman preparatlarının qəbulu, mədəaltı vəzi üzərində aparılan əməliyyatlar, onkoloji xəstəliklər və bəzən genetik olaraq insulin hormonundakı gen defektləri də spesifik diabet tiplərinin meydana çıxmağına səbəb olur.
Hazırda diabet çoxsəbəbli polietioloji bir xəstəlik olaraq bilinməkdədir.

Klassik bilinən diabetin əlamətlərinə;
• susuzluq hissi və ağız quruluğu,
• tez-tez və gecələr sidiyə çıxma,
• yorğunluq, halsızlıq hissi,
• iştahanın artması, səbəbi bilinməyən çəki itkisi,
• bulanıq görmə,
• çətin sağalan yaralar,
• əl və ayaqlarda ağrılar, keyimə, yanma, iynə batması,
• donma və digər bənzəri hissiyyat pozğunluqları,
• dəri quruluğu, çatlaqlar,
• qadınlarda sidik yollarında müəyyən şikayətlər,
eyni zamanda, hər iki cinsdə seksual sferada bəzi problemlərin olması və s. də şəkərli diabetin əlamətlərinə aiddir.

Şəkərli diabetin diaqnozu aclıq qan şəkəri, əgər hər hansı bir insanda acqarına, 8-12 saat gecə yuxusundan sonra 126 milliqram/destilitr yaxud 7 mmol/litrin üzərində olarsa və ya toxluq qan şəkəri yeməkdən 2 saat sonra venadan götürülmüş qanda qlükoza 200 milliqram/ destilitr və yaxud 11 mmol/litrdən artıqdırsa, bunların hər hansı biri pozitivdirsə artıq şəkərli diabet diaqnozu qoyulur.

Şəkərli diabetin bir-biri ilə bağlı 4 müalicə üsulu vardır.
Birincisi təlimdir.
Əgər şəkərli diabet diaqnozu qoyulmuşdursa həyat boyu davam
edəcək bir xəstəlik olduğunu xəstənin qəbul etməsi, qan şəkərini ölçüb qeyd etməsi, vaxtlı-vaxtında kontrollara gəlməsi şəkərli diabetin tələb etdiyi həyat tərzinə uyğun şəkildə endokrinoloq həkimi ilə əlaqəsi və kontrolu vacibdir. Bütün şəkərli diabetli xəstələrin müalicəsində diabet təlimi mühüm yer tutur və birinci müalicə üsulumuzdur.

İkinci pəhriz müalicəsidir.
Şəkərli diabet qədər həyatda qidalanmadan asılı ikinci xəstəlik
yoxdur. Pəhriz şəkərli diabetin müalicəsinin təməl daşıdır.

Üçüncü üsul idman
müalicəsidir.
Fiziki fəallığın artırılması qan şəkərinin düşməsi ilə birlikdə xəstələri psixoloji istiqamətdə çox gözəl motivasiya edir və eyni zamanda, qan yağları və arterial təzyiqin düşməsinə də çox böyük faydası vardır.

Dördüncü müalicəmiz medikamentoz, yəni dərman müalicəsi ilə aparılır. Şəkərli diabetin müalicəsində dərmanlara ağızdan alınan həblər və insulin müalicəsi aiddir.
Sadalanan 4 ana sütundan başqa digər fitoterapiya və reklam olunan digər müalicə üsullarının fundamental endokrinologiyada və diabetin müalicəsində heç bir elmi əsası və yeri yoxdur.

MÜƏLLİF: DR. HİDAYƏT MƏMMƏDZADƏ


WIKIMED.AZ – MƏQALƏ: ZOB. MÜƏLLİF. Dr. Hidayət Məmmədzadə

Facebook Comments