Şərif Mahalov. Sharif Mahalov. Professor.

Tibb elmləri doktoru, professor Şərif Mahalov
Əməkdar həkim, əməkdar elm xadimi
Azərbaycan Tibb Universitetinin Nevrologiya və Tibbi Genetika kafedrasının müdiri
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nevroloqudur.
Fəaliyyətinin elmi istiqamətinin əsasını baş beynin damar xəstəlikləri, epilepsiya, neyrogenetika və sinir sisteminin xroniki proqressivləşən xəstəlikləri təşkil edir.
Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan Bölməsinin prezidentidir.

On il bundan əvvəl onun 70 illik yubileyi barədə yazmaq şərəfinə nail olmuşdum. Sürətlə ötən aylar, illər bir-birini əvəzləyib dəyişsələr də, bu müddət ərzində alimin intellekt mücrüsündə heç vaxt dəyişilməyən motivləri, saralıb – solmayan həmişəyaşıl çalarları yenə də gördüm. Zənnimcə, bu motivlərin, bu çalarların ən dəyərlilərindən biri də onun şəfqətli bir həkim, fədakar alim böyüklüyü ilə yanaşı, qibtə ediləsi təvazökarlıq, saflıq, paklıq zirvəsinə yüksəlməsidir. Bu meyarlar alimin mənəviyyat dünyasını İlisu dağlarının sinəsindən süzülüb gələn ecazkar şəlalələrə, qənirsiz sərv ağaclarının füsunkar gözəlliklərinə bənzədir. Onun dəyişməz əqidəsi Vətənə, xalqa, millətə olan məhəbbət duyğularında mətinləşib, dönməzləşib. Alimin həyat və yaradıcılığının ayrı-ayrı fraqmentlərinə nəzər saldıqca mənəviyyat ucalığı və zənginliyi daha aydın nəzərə çarpır. Haqqında söhbət açacağımız alim yaranmasının 90 illik yubileyinə hazırlaşan Azərbaycan Tibb Universitetinin 80 yaşlı müəllimlərindən biri – Nevrologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Şərif Mahalovdur.

Bu il Azərbaycan Nevroloqlar Assosiyasiyasıının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan bölməsinin prezidenti, Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru,professor Şərif İslam oğlu Mahalovun doğum gününün 80, həkimlik və elmi-pedaqoji fəaliyyətinin 55 ili tamam olur. Akademik S.N.Davidenkov məktəbinin və N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitutunun nevrologiya elmi məktəbinin yetirməsi olan Şərif müəllim öz ətrafında daim işıqlı və şəfqətli bir aura yarada bilən görkəmli alimlərdən, qayğıkeş müəllimlərdən, təvazökar ziyalılardandır.
Ş.Mahalov tarix boyu çoxsaylı dəyərli alimlər yetişdirmiş Qax rayonunun İlisu kəndində 1939-cu il sentyabrın 15-də dünyaya göz açıb. 1947-ci ildə Qax rayonundakı natamam beynəlmiləl məktəbin I sinfinə gedib, 1951-ci ildən təhsilini Zaqatala şəhər 2 saylı rus orta məktəbində davam etdirib. Həmin məktəbi əla qiymətlərlə bitirərək, 1958-ci ildə Samara Dövlət Tibb İnstitutunun müalicə fakültəsinə daxil olub. 1960-cı ildən təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirib. 1964-cü ildə institutu bitirərək, Zaqatala Mərkəzi rayon xəstəxanasında işə başlayıb. Bundan sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kurs keçərək nevroloq ixtisasına yiyələnib.
Dörd il praktik həkim vəzifəsində çalışdıqdan sonra ATİ-nin sinir xəstəlikləri kafedrasında aspiranturaya qəbul olunub və vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edib. Gənc alim 1971-ci ildə həmin kafedranın assistenti vəzifəsində saxlanılıb. Kafedrada müalicəvi və pedaqoji işlərlə məşğul olmaqla yanaşı, elmi axtarışlarını da davam etdirərək yeni istiqamətli tədqiqat işləri aparıb. 1987-ci ildə N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitutunda “Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, professor elmi adına layiq görülüb və 1991-ci ildə ATİ-nin I nevrologiya və tibbi – genetika kafedrasının müdiri vəzifəsinə seçilib. 2011-ci ildə ATU-nun nəzdində fəaliyyət göstərən I və II Nevrologiya və tibbi genetika kafedraları birləşdirilib, həmin kafedranın müdiri vəzifəsinə professor Ş.Mahalov seçilib.
Şərif müəllim tərəfindən ilk dəfə Azərbaycanda kliniki, kliniki-genioloji, populyasion, elektrofizioloji və biokimyəvi tədqiqat üsullarından istifadə edilərək miopatiyalar, amiotrofiyalar, irsi ataksiyalar, Hantinqton xoreyası, Tomsen miotoniyası hərtərəfli öyrənilib. O, ailədaxili və ailələrarası korrelyasiyalar, həmçinin ailəvi və sporadik müşahidələrin tutuşdurulması sayəsində xəstəliyin ilkin təzahürlərinə, kliniki əlamətlərinin meydana çıxmasına, gedişinə, elektrofizioloji və biokimyəvi göstəricilərinə aid böyük variabellik aşkar edib və onların ədəbiyyatda dərc olunan materiallarla müqayisəsini aparıb.
Alim 297 ailədən olan 578 insan üzərində müşahidələr aparıb və onlar bu gün də  professor Ş.Mahalovun nəzarəti altındadır. O, 10 mindən çox insan haqqında məlumat toplayıb, unikal xəstələr üzərində müşahidələr aparılmasına nail olub. Həcminə və dərinliyinə görə professor Ş.Mahalovun təqdim etdiyi  elmi-tədqiqat işinin materiallarının keçmiş SSRİ-də analoqu olmayıb. İnkişaf etmiş xarici ölkələrdə də belə materiallar məhduddur. Mütəxəssislər etiraf edirlər ki, çox nadir hallarda bir tədqiqatçının əlində bu qədər tutarlı zəngin material olur.
Professor Ş.Mahalovun Hantinqton xoreyası, Tomsen miotoniyası və irsi ataksiyaların patogenezinin öyrənilməsi üzrə işləri böyük maraq doğurur. O, ilk dəfə Hantinqton xoreyası zamanı qeyri-iradi hərəki pozulmaların yüksəkliyi ilə dofaminin ekskresiya səviyyəsi arasında mənfi korrelyasiyanın olmasını aşkar edibdir. Alim dofamin mübadiləsi pozulmasının həlledici rol oynadığı bu ağır xəstəliyin patogenetik mexanizmi haqqında əsaslandırılmış hipotez irəli sürüb. Ş.Mahalov elektromioqrafiya (EMQ) və elektroneyromioqrafiyanın (ENMQ) kompleks tətbiqi əsasında xəstəliyin mərhələlərini obyektiv əks etdirən meyarlar təklif edib və dünya təcrübəsində ilk dəfə olaraq, Hantinqton xoreyası, spino-serebellyar ataksiyalı xəstələrin qohumlarını müayinədən keçirərək sübut edib ki, EMQ və ENMQ-də alınan dəyişikliklər xəstəliyin kliniki təzahürlərinin üzə çıxmasını qabaqlayır. O, aşkar edilmiş xəstələrin müalicəsi üçün tələb olunan vəsaiti və xəstəliyin səviyyəsinin aşağı düşməsi zamanı edilən qənaətin ölçüsünü hesablayıb.
Professor Şərif Mahalov apardığı epidemioloji tədqiqatlara əsasən hələ keçən əsrin 80-ci illərinin əvvəllərində ölkəmizdə  tibbi-genetik xidmətin strukturunu vermişdir. Alim Bakı, Gəncə, Şəki və Lənkəran şəhərlərində 4 zona üzrə tibbi-genetik kabinet yaratmağı tövsiyə edib. Təklif olunan tibbi-genetik xidmət strukturu və Azərbaycanda sinir sisteminin irsi xəstəliklərinin azalması üzrə konkret model keçmiş SSRİ-nin başqa regionlarında analoji tədbirlər üçün tövsiyə edilib. Qeyd etmək lazımdır ki, Azərbaycan aliminin sadalanan bütün araşdırmaları postsovet məkanındakı MDB ölkələrində analoqu olmayan tədqiqatlardır.
Professor Ş. Mahalov Azərbaycanda angionevrologiyanın da inkişafına xüsusi diqqət yetirir. Şərif müəllimin rəhbərliyi altında beyin insultunun yayılması, onun əsas risk faktorları, kliniki təzahürləri və strukturu, biokimyəvi dəyişikliklər, hemorragik transformasiya, insultdansonrakı əlilliklər, həmçinin Bakıda işemik insultun kəskin mərhələsində tibbi yardımın və müalicənin təşkilinin vəziyyəti öyrənilib. O, ATU-nun Nevrologiya kafedrasının çoxillik təcrübəsinə əsaslanaraq, Bakıda 30 çarpayılıq neyro-damar şöbəsinin təşkilinin vacibliyini tövsiyə edib və bu şöbənin funksional strukturunu verib.
Keçən əsrin 90-cı illərində Azərbaycanda müharibə nəticəsində Qarabağ regionunda çoxlu sayda uzun müddət müalicə tələb olunan yaralı və kontuziya almış əsgər var idi. Bu problem professor Ş. Mahalovun diqqətindən kənarda qalmayıb. Onun rəhbərliyi altında Qarabağ müharibəsini keçmiş şəxslərdə dəyişiklik – “Posttravmatik stres sindromu” aşkar edilib. Bu sindrom “Qarabağ sindromu” kimi səciyyələndirilib. Ş.Mahalov və əməkdaşları Qarabağ müharibəsi veteranlarında “Qarabağ sindromu”nun olmasının etiraf edilməsinin vacibliyini əsaslandırıb və onların psixososial reabilitasiyası proqramı kompleksini işləyib hazırlayıblar.
Alimin indiki elmi istiqaməti epilepsiya sahəsinə yönəlib. Bu xəstəliklə əlaqədar problem o qədər  aktualdır ki, hazırda həkimlərin və alimlərin birgə səyi sayəsində nevrologiyada  yeni epileptologiya istiqaməti yaradılıb. Bu xəstəliyə dünyanın hər yerində rast gəlinir və Yer üzündə 75 milyona qədər insan bundan əziyyət çəkir. Nevrologiya kafedrasının əməkdaşları professor Ş.Mahalovun rəhbərliyi altında son 20 ildə Azərbaycanda ilk dəfə olaraq epilepsiyanın əsaslı epidemiologiyası, onun ayrı-ayrı klinik formalarının xarakteristikası, qadınlarda epilepsiya, epilepsiyalı xəstələrin həyat tərzi və keyfiyyəti öyrənilib və bu mövzuda sanballı dissertasiyalar müdafiə olunub.  Respublikada  epilepsiyanın  hərtərəfli  öyrənilməsi  üçün  həm  ixtisaslaşdırılmış  tibbi,  həm  də  sosial,  psixoloji,  hüquqi  yardımın  təşkil  olunmasına  dair  xüsusi  strukturlar  təklif  olunub.   Hazırda professor Ş. Mahalovun rəhbərliyi altında epilepsiyanın aktual problemlərinə həsr edilmiş 1 doktorluq, 8 namizədlik işi hazırlanır. Ümumiyyətlə, onun rəhbərliyi altında 1 doktorluq  və 16 namizədlik dissertasiyası yerinə yetirilib. Alim çap olunmuş 251 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Professor Ş. Mahalov uzun illər Səhiyyə Nazirliyinin baş nevropatoloq-mütəxəssisi, ATU-nun FD 03.015 Dissertasiya Şurasının sədri, AAK-ın  Ekspert Şurasının üzvü olub. Şərif müəllim onlarca xarici ölkədə keçirilən elmi konqres və simpoziumlarda məruzələrlə çıxış edib. Professor Ş. Mahalov dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ATU-nun Fəxri fərmanlarına və digər mükafatlara layiq görülüb.
Şərif müəllim həm nəcib və təvazökar bir insan, həm təcrübəli həkim və yüksək erudisiyalı alim, həm də vətənpərvər  ziyalı kimi tanınır. Minlərlə xəstəyə həyat bəxş edən professor onu əhatə edən gənc həkimlərə, tələbələrə, rezidentlərə daim biliklərini, dünyagörüşlərini artırmağı tövsiyə edir. O, bildikləri ilə nə öyünür, nə də kifayətlənir, həmişə axtarır, öyrənir və öyrədir. Şərif müəllim 51 ildir ki, ATU-da çalışır və onun 28 ilini kafedraya rəhbərlikdə keçirərək, böyük bir kollektivin hörmətini qazanmış nüfuzlu alimlərdən, qayğıkeş müəllimlərdəndir.
Professor Ş.Mahalov 2010-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin onun çoxillik qüsursuz xidmətlərinə verdiyi yüksək qiyməti – “Əməkdar elm xadimi” fəxri adına layiq görülməsini ATU kollektivinin əməyinə verilən qiymətlərdən biri kimi dəyərləndirərək, ölkə başçısına səmimi təşəkkür və minnətdarlığını bildirib. Bu təltifdən ruhlanan alim nevrologiya elminin inkişafı yolunda yeni cığırlar açıb, sanballı nailiyyətlər əldə edib.
Şərif müəllim həm də qayğıkeş ailə başçısıdır. Oğlu – tibb elmləri doktoru İslam Mahalov ATU-nun I Mamalıq və ginekologiya kafedrasının gənc və perspektivli aparıcı professorlarındandır, qızı Vəfa Mahalova Almaniyanın Bilefeld şəhərindəki Betel Epilepsiya Mərkəzində həkim-nevroloq kimi fəaliyyət göstərir.
Professor Ş. Mahalovun müdriklik zirvəsinə yüksələn 80 illik şərəfli ömür yolu gənclərimiz üçün əsl örnəkdir.

Mübariz ALLAHVERDİYEV, 
ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru


PROFESSOR ŞƏRİF MAHALOVUN WIKIPEDIYA SƏHİFƏSİ
XALQ QƏZETİNDƏ PROFESSOR ŞƏRİF MAHALOV HAQQINDA MƏQALƏ -Görkəmli alim, təvazökar insan – 15 Sentyabr 2019
ŞƏRİF MAHALOV  – AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
“Epilepsiya xəstələrində tutmalar qəflətən baş verir” – Professor Şərif Mahalov
Professor Şərif Mahalovun rəhbərliyi ilə Qubada elmi-praktik konfrans




 

Facebook Comments