T.e.d. Qasımov Nazim Akif oğlu 1967-ci il təvəllüdlü, 1992-ci ildə fərqlənmə diplomu ilə AzDTİ-nin müalicə-profilaktika fakültəsini bitirmişdir. 1993-cü ildə cərrahiyyə ixtisası üzrə internaturanı bitirmiş və həmin ildən etibarən Ə.Əliyev adına AzDHTİ-nun cərrahiyyə kafedrasında çalışır.
1996-cı ildə “Selektiv proksimal vaqotomiyadan sonra kardiyanın funksiyasının bərpası” mövzusunda namizədlk dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi adına layiq görülmüşdür.
1997-cı ildən cərrahiyyə kafedrasının assistenti və 2001-cı ildən dosent vəzifəsinə seçilmişdir. 2010- cu ildə “Reflüks-ezofagit: klinika,diaqnostika və cərrahi müalicəsinin müasir problemləri” adlı doktorluq dssertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 2011-cı ildə Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Həmin ildən Ə.Əliyev adına AzDHTİ-nun ümumi cərrahiyyə -I kafedrasının müdiri vəzifəsində çalışır.
2013-cü iln aprel ayından Ə.Əliyev adına AzDHTİ-nun rektoru vəzifəsinə təyin edilib. Avropa Cərrahları və Qastroenteroloqlarının Assossasiyasının, Amerika Cərrahları Assossasiyasının üzvüdür.
Cərrahiyyənin, xüsusən cərrahi qastroenterologiya (qida borusu, mədə, öd yolları, mədəaltı vəzi, yoğun bağırsaqların xəstəlikləri və s.), döş qəfəsi cərrahiyyəsi, o cümlədən, travma və təxirəsalınmaz cərrahiyyə sahələrində mühüm elmi araşdırmaların və tədqiqatların müəllifidir.
Bu istiqamətdə bir çox beynəlxalq konqress və konfranslarda (Türkiyə-1999 il, Özbəkistan-2000 il, London-2001 il, Paris -2003 il, Tiflis-2005 il, İstanbul-2012 il və s.) iştirak etmişdir. Bu illər ərzində N.A.Qasımov tərəfindən 150-dən çox müxtəlif elmi məqalələr mərkəzi Azərbaycan və xarici jurnallarda çap olunmuşdur. Bunların içərisində 3 dərs vəsaiti və 1 monoqrafiyanı qeyd etmək olar.
Video çarx – Az.HTİ-da keçirilən və Nazim Qasımovun da iştirak etdiyi 5-ci Beynəlxalq Dodaq-damaq yarığı konfransı
Onun rəhbərliyi altında iki tibb üzrə fəlsəfə doktoru hazırlanmışdır və üç nəfər dissertant elmi-tədqiqat işi aparır. Cərrahi fəaliyyətində döş və qarın boşluğunda müxtəlif mürəkkəb əməliyyatları (döş qəfəsində pulmonektomiya, lobektomiya, plevranın dekortikasiyası, ağ ciyərin atipik rezeksiyası; qarın boşluğunda qastrektomiya, bütün növ mədə rezeksiyaları, qida borusu rezeksiyası, mədədə orqansaxlayıcı əməliyyatlar, qara ciyərin rezeksiyası, öd yollarında rekonstruktiv cərrahi əməliyyatlar, yoğun bağırsağın total və subtotal rezeksiyası; təxirəsalınmaz cərrahiyyədə ürək və magistral damarların yaralanması, bütün növ ginekoloji və uroloji əməliyyatlar) icra edir.
Eyni zamanda laparoskopik və mini-invaziv cərrahiyyə ilə məşğuldur. N.A.Qasımovun təşəbbüsü ilə Ə.Əliyev adına AzDHTİ-da respublikada ilk dəfə laparoskopik cərrahiyyə üzrə treninq kursları təşkil olunmuşdur. Bu təşəbbüs nəticəsində respublika cərrahları üçün laparoskopik cərrahiyyənin nəzəriyyəsi və vərdişlərini əldə etmək üçün çox böyük imkanlar yaranmışdır.
N.A.Qasımov tərəfindən Ə.Əliyev adına AzDHTİ-da həkim-rezidentlərin bilik və bacarıqlarını artırmaq üçün hər cür şərait yaradılmış və onların gənc alim kimi yetişdirilməsinə xüsusi diqqət yetirilir.
Onun rəhbərliyi altında həkim-müdavimlərin hazırlığı yerli və xarici alimlərin iştirakı ilə müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə aparılır. Hal-hazırda bu istiqamətdə işlər bütün sahələr üzrə davam olunur.
Facebook Comments